Əmək fəaliyyətində fərqlənən əməkdaşlar mükafatlandırılıb
Səhiyyə Nazirliyi “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsdə (ECM) 30 dekabr 2023-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinin (HİK) ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
İclasda Mərkəzin direktoru professor Rauf Ağayev, direktor müavinləri – tibb elmləri doktoru İlham Kazımov, Elgün Səmədov, HİK-in sədri tibb üzrə fəlsəfə doktoru Cəmaləddin Kosayev və ECM əməkdaşları iştirak edib.
Tədbirdə giriş nitqi ilə çıxış edən professor Rauf Ağayev HİK-in fəaliyyətini müsbət qiymətləndirərək adı çəkilən Komitənin əmək fəaliyyətində fərqlənən ECM əməkdaşlarını, həmçinin müharibə iştirakçılarına, qaziləri diqqətdə saxladığını, hər zaman dəstək göstərdiyini diqqətə çatdırıb.
Rauf Ağayev tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş, ən ülvi diləklərini çatdırıb.
HİK-in sədri Cəmaləddin Kosayev çıxışında qeyd edib ki, ötən il ərzində respublikamızın milli bayramları, əlamətdar günləri və peşə bayramında Komitə tərəfindən bir çox tədbirlər həyata keçirilib. Bildirib ki, əvvəlki illərdə olduğu kimi bu ildə də İttifaqın fəaliyyətində müharibə veteranlarına və şəhid ailələrinə diqqət, əsgərlərlə və işğaldan azad olunmuş ərazilərdə xidmət aparan əməkdaşlarla görüş əsas prioritet vəzifələrdən biri olub.
O, qeyd edib ki, işçilərinin Həmkarlar İttifaqı qarşısında duran bütün vəzifələrin həlli üçün bundan sonra da səylə çalışacaq, üzvlərinin əmək və sosial hüquqlarının təmin olunmasına daim yardım edəcək.
Daha sonra başa çatan ildə əmək fəaliyyətində və ECM-in ictimai həyatında öz fəallığı ilə fərqlənən bir qrup əməkdaşa hədiyyələr təqdim edilib.