Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır
Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tamam olur. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri daim yüksək fəxr hissi ilə qeyd olunaraq əziz xatirəsi xalqimiz tərəfindən hədsiz məhəbbətlə və böyük ehtiramla anılır.
Bu gün Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-də (ECM) Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir keçirildi.
Öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi yad edildi.
Tədbirdə çıxış edən ECM-in direktoru professor Rauf Ağayev Ulu Öndərin ömür yolundan və siyasi fəaliyyətindən danışdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq ölkəmizin bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaratması haqqında məlumat verdi. Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı haqqında danışdı. Dahi şəxsiyyət Heydər Əliyev üçün ən vacib sahələrdən biri də məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olduğunu qeyd edərək, Ulu Öndər Heydər Əliyevin əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən başlamışdı. 1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası onun təşəbbüsü ilə məhz həmin gələcək nailiyyətlərin bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı olaraq səhiyyənin inkişafına əsaslı təkan vermişdir.
Qeyd edildi ki, bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir.
Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Azərbaycan Ordusunun rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi zamanı biz böyük Zəfər qazandıq. Müzəffər Ali baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal¬dan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətlə davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri zamanı bər¬pa-quruculuq işləri ilə yerindəcə tanış olur, yeni yaşayış məntəqələrinin, vacib sosial və infrastruktur obyektlətinin təməlini qoyur. Bir sözlə, dövlət başçısının qeyd etdiyi kimi, artıq Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Böyük Qələbə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsidir.