Ürəyin kateter ablasiyası
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürəyin kateter ablasiyası əməliyyatı uğurla icra olunur. Qeyd edək ki, bu müdaxilə indiyədək əsasən özəl tibb müəssisələrində həyata keçirilirdi.
Ürəyin kateter ablasiyası — ritm pozğunluqlarının (aritmiyaların) müalicəsində istifadə olunan minimal invaziv üsullardan biridir. Bu prosedur zamanı ürəkdə aritmiya yaradan problemli sahələr xüsusi kateterlər vasitəsilə müəyyən edilir və yüksək tezlikli enerji ilə aradan qaldırılır. Nəticədə ürəyin normal ritmi bərpa olunur və xəstənin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır. Bu üsuldan aritmiyaların böyük əksəriyyətinin müalicəsində istifadə edilir.
Əməliyyat Tural Vəliyev və Eldar Əliyev tərəfindən yüksək peşəkarlıqla icra edilmişdir. Bu cür müdaxilənin dövlət xəstəxanasında həyata keçirilməsi həm tibbi xidmətlərin əlçatanlığının artırılması, həm də yüksək texnologiyalı prosedurların dövlət sektorunda tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Uğurla həyata keçirilmiş bu əməliyyat, gələcəkdə daha çox xəstənin dövlət tibb müəssisələrində müasir və effektiv müalicə üsullarından yararlana bilməsinə şərait yaradacaqdır.































































































