Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə rəhbərinin müəllifi olduğu iki yeni elmi nəşr işıq üzü görüb
Səhiyyə Nazirliyi akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək cərrahiyyəsi şöbəsinin rəhbəri İlqar Heybətovun müəllifi olduğu iki yeni fundamental nəşr — “Müasir ürək cərrahiyyəsində klinik qərarvermənin əsasları” monoqrafiyası və “Ürək cərrahiyyəsində perioperativ müalicə alqoritmi” adlı klinik rəhbər işıq üzü görüb.
“Müasir ürək cərrahiyyəsində klinik qərarvermənin əsasları” — İlqar Heybətovun bu monoqrafiyası Azərbaycan dilində ürək cərrahiyyəsinə dair elmi ədəbiyyata dəyərli töhfədir. Elmi məzmunu, sistemli quruluşu və klinik düşüncəyə verdiyi önəmlə seçilən əsər müalicə strategiyasının sübutlar, risklərin təhlili və xəstənin fərdi xüsusiyyətləri əsasında seçilməsini izah edir. Koronar arteriya, ürək qapaqları və aorta xəstəlikləri, yüksək riskli xəstələrə yanaşma, əməliyyatətrafı kritik vəziyyətlər və klinik nəticələrin qiymətləndirilməsi vahid məntiq daxilində təqdim olunur. Monoqrafiyanın xüsusi üstünlüyü nəzəri bilikləri klinik mühakimə ilə əlaqələndirməsi, hər bir qərarın əsaslandırılmasına və alternativlərin müqayisəsinə yönəlməsidir. Azərbaycan dilində aydın və dolğun elmi mənbə kimi kitab ürək cərrahları, kardioloqlar, anestezioloq-reanimatoloqlar və rezidentlər üçün qiymətli tədris və peşəkar inkişaf vəsaitidir.
“Ürək cərrahiyyəsində perioperativ müalicə alqoritmi” — İlqar Heybətovun bu nəşri Azərbaycan dilində hazırlanmış, zəngin məzmunu və praktik istiqaməti ilə seçilən dəyərli klinik rəhbərdir. Xəstənin əməliyyatönü hazırlanmasından xəstəxanadan evə yazılmasına qədər bütün əsas mərhələləri sistemləşdirən kitab elmi biliklərin gündəlik təcrübədə tətbiqinə xidmət edir. Anesteziya, süni qan dövranı, intensiv terapiya, qanaxma, ritm pozuntuları və digər ağırlaşmaların idarə edilməsi ardıcıl alqoritmlərlə açıqlanır. Dərman dozalarının, tətbiq yollarının, nəzarət meyarlarının və yoxlama vərəqlərinin konkret təqdimatı nəşrin praktik dəyərini artırır. Aydın dili, dolğun izahları və istifadəyə əlverişli quruluşu ilə bu rəhbər ürək cərrahları, anestezioloq-reanimatoloqlar, kardioloqlar, perfuzionistlər və rezidentlər üçün qiymətli stolüstü mənbədir.
Linklərə daxil olaraq kitablarla tanış ola bilərsiz.

Link: Müasir ürək cərrahiyəsində klinik qərarverməsnin əsasları





































































































