Mustafa Topçubaşov — 130 İL

Cərrahiyyədə zəruri alət skalpel deyil, təfəkkürdür (William Stewart Halsted)

 Ulu Öndər Heydər Əliyev Mustafa bəy Topçubaşov haqqında deyirdi: “​Onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz, milli iftixarımızdır”.

Böyük insan sərrafı olan müdrik Lider tərəfindən belə yüksək dəyərləndirilən alim bütün dünyada şöhrət qazanaraq Azərbaycan tibb elminin inkişafında böyük əmək sərf etmişdir. M.A.Topçubaşov haqqında dahi alim, böyük insan, fədakar həkim kimi çox yazılmışdır. Yazılanlar dünya şöhrətli alimin böyük dühasını geniş əhatə etsə də, bəzən tam dəyərləndirə bilməmişdir.

Bizim məqsədimiz isə məsləkdaşımız olan böyük alimi bir cərrahi kimi tədqiq etmək idi. Mustаfа bәy Аğа bәy оğlu Tоpçubаşоv – (17 аvqust 1895, İrәvаn, Göykümbәt – 20 noyabr 1981, Bakı) — 1904-cü ildə ibtidai təhsilini başa vurub İrəvan gimnaziyasına daxil olub. 1914-cü ildə İrəvan kişi gimnaziyasını qızıl mеdаllа bitirmişdir. O, 1919-cu ildə Kiyеv Dövlәt Univеrsitеtinin Tibb fаkültәsini bitirdikdən sоnrа әvvәlcә Nахçıvаndа, sоnrа Bаkıdа fәаliyyәt göstәrmişdir. 1920–1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923–1930-cu illərdə fakültə cərrahlığı klinikasında assistent işləmişdir. 1926-cı ildә Аlmаniyаyа еlmi еzаmiyyәtә göndәrilmişdir. 1930-cu ildә “Mаlyаriyа splеnоmеqаliyаsının klinik, pаtаlоji vә cərаhiyyә müаlicәsi” mövzusundа dоktоrluq dissеrtаsiyаsı müdаfiә еtmiş və hәmin il Azərbaycan Tibb İnstitutunun Fаkültә cәrrаhiyyәsi kаfеdrаsının müdiri sеçilmişdir. 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulu olan injeksion efir-yağ narkozunu – analgeziya üsulunu kəşf etmişdir.

1914-cü ildə İrəvan gimnaziyasını rus dilində bitirən M.Topçubaşov o dövrdə Rusiya imperiyasının mühüm elm mərkəzlərindən sayılan Kiyev Universitetinin tibb fakültəsinə daxil olub.

Bitirdikdən sonra M.Topçubaşovun vətənə qayıtması BDU-nun tibb fakültəsinin cərrahiyyə kafedrasında çalışan professor A.Oşmanı və universitetin rektoru, görkəmli cərrah-anatom, professor V.Razumovskini də məmnun etmişdi. M.Topçubaşovun BDU-nun tibb fakültəsinin cərrahiyyə kafedrasında ordinator kimi işə düzəlməsində bu alimlərin böyük rolu olmuşdu. Sonralar Mustafa bəy görkəmli cərrah professor A.Oşmanın ona münasibətini xatırlayaraq yazırdı: “Professor A.Oşman mənim ikinci Darülfünunum olubdur”. Mustafa bəy BDU-nun tibb fakültəsində cərrahlıq fənnindən dərs deməyə cəlb edilən ilk milli kadrlardan olub. İlk illərdə ordinator işləməklə yanaşı, Azərbaycan Səhiyyə Komissarlığının Cərrahlıq Xəstəxanasının müdiri vəzifəsində çalışıb, tez-tez rayonlara gedərək, yerlərdə cərrahi şöbələr təşkil edib, ambulatoriya və stasionaraqədərki cərrahi yardımın mexanizmini qurub, əhaliyə tibbi yardım göstərib. M.Topçubaşov 1922-ci ildə N.Nərimanovun təklifi ilə Naxçıvana göndərilib. O, Naxçıvanda xəstəxana, ambulatoriya, Ordubadda feldşer məntəqələri təşkil edib. Akademik sonralar xatirələrində həmin illəri belə təsvir edirdi: “İş vaxtımın başlanğıcı və sonu yox idi. Gündüzün və gecənin nə vaxtı olursa-olsun xəstə gətirirdilər, yaxud xəstə üstə çağırırdılar. Mən həm terapevt, həm cərrah, həm nevropatoloq, həm epidemioloq, həm vərəm həkimi, həm yoluxucu xəstəliklər həkimi işləyirdim. Həkimsən, demək loğmansan, bütün dərdlərə əlac qılmalısan”.

Gənc həkim-cərrah respublikada qısa müddətdə məşhurlaşmış, xalq arasında “Topçubaşov skalpeli” məfhumu yaranmışdı. Topçubaşov 1923-cü ildə professor A.Oşmanın təqdimatı ilə əsasən neftçilərə xidmət edən və Bayılda yerləşən Paster adına xəstəxananın cərrahlıq şöbəsinin, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı Cərrahlıq Xəstəxanasının müdiri təyin edilib.

Azərbaycanda sovet hakimiyyətinin ilk illərində səpgili yatalaq, qarın yatalağı, malyariya, traxoma kimi infeksion xəstəliklər əhali üçün ciddi təhlükə törədirdi. Bununla əlaqədar olaraq 1925-ci ilin iyul ayında Azərbaycan hökuməti “Azərbaycan SSR-də qızdırmaya qarşı mübarizə” haqqında qərar qəbul etdi. Bundan sonra M.Topçubaşov elmi-tədqiqat işlərini qızdırmanın profilaktikası işinə yönəltdi.

Fəaliyyətinin ilk dövrlərindən elmi tədqiqatlara böyük maraq göstərən cərrah 1930-cu ildə “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patogenezi və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tibb elmləri doktoru elmi dərəcəsi və professor elmi adına layiq görülüb. Bundan sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə cərrahlığı kafedrasının müdiri seçilərək, ömrünün sonuna qədər (1981-ci il) həmin vəzifəni şərəflə yerinə yetirib.

M.Topçubaşov uzun müddət cərrahi ağrısızlaşdırma problemi üzərində işləyib və məqsədinə nail olub. Bu sahədə apardığı elmi axtarışlar ona 1937-ci ildə cərrahlıq praktikasına yeni, nisbətən təhlükəsiz keyləşdirmə metodunu — “Analgezin” adlanan inyeksion efir-yağ narkozunu tətbiq etməyə imkan verib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların — dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s. halların aradan qaldırılmasına imkan verdiyinə görə, cərrahlar tərəfindən geniş tətbiq edilib. Təklif edilən efir-yağ qarışığı inyeksiyalarından həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma halları zamanı müalicə və eləcə də doğuş proseslərində ağrısızlaşdırma vasitəsi kimi istifadə edilib.

İkinci Dünya müharibəsi illərində kafedra əməkdaşları cəbhə bölgələrində olmaqla yaralılara ixtisaslasmış yardımın göstərilməsində xüsusi səylə çalışıblar. Müharibə dövründə ilk dəfə olaraq professor M.Topçubaşov hospitallar sistemində hərbi-səhra cərrahlığının profilləşməsini tətbiq etmiş və bunun sayəsində ixtisaslaşmış evakohospitallar (torakal, neyrocərrahlıq, uroloji, travmatoloji) yaradılıb. Kafedra müdüri M.Topçubaşov 1941-ci ildə Səhiyyə Nazirliyinin Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı təyin olunub. Kafedra əməkdaşlarından F.Əfəndiyev torakal, M.Əbiyev uroloji hospitallara rəhbərlik edib, X.Hacıyev ordunun baş cərrahi vəzifəsini yerinə yetirib, E.Aslanzadə, E.Qayibov, T.Burtikova və başqaları döyüş bölgələrində olmaqla respublika ərazisində olan evakohospitallarda fədakarlıqla çalışıblar. Müharibə dövründə kafedra əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat islərinin əsas mövzusu hərbi-səhra cərrahiyyəsinin aktual məsələlərinə aid idi. Bunlara misal olaraq orqanizmin müxtəlif nahiyələrindən yad cisimlərin çıxarılması sahəsindəki tədqiqat işlərini xüsusi qeyd etmək lazımdır. 1941-ci ilin sonunda M.Topçubaşovun ideyası əsasında bədəndə olan yad cisimlərin lokalizasiyasını təyin etməyə imkan verən universal cihaz quraşdırıldı və müvəffəqiyyətlə neyrocərrahiyyə hospitallarda tətbiq edilib. Elmi-tədqiqat işlərinin nəticəsi olaraq kəllə sümükləri defektlərinin zədələnmiş nahiyyəsinin ətrafından götürülən sümüklər vasitəsi ilə alloplastikası, periferik sinirlərin zədələnməsi zamanı baş vermiş iflicin tendomioplastika üsulu ilə müalicəsi, sinir liflərinin yaralanması zamanı mum-parafin tubajından istifadə edilməsi, yanıqlar zamanı parafin applikasiyasının tətbiqi, borulu sümüklərin sınıqları zamanı təcili aparılan metal-osteosintez üsulundan istifadəsi hospitallarda müvəffəqiyyətlə tətbiq olunurdu.

Müharibə dövründə M.Topçubaşov və kafedranın başqa əməkdaşları (F.Əfəndiyev, X.Hacıyev və başqaları) Bakı şəhərində fəaliyyət göstərən hərbi hospitallarda işləyən yaralı əsgərlərin müalicəsinə böyük əmək sərf etməklə bərabər, kafedrada tədris işlərinin intensivləşdirilməsinə və dövrün tələbatından asılı olaraq, həkim kadrları hazırlığının nisbətən qısa müddətə başa çatdırılmasına diqqət yetirirdilər. Müharibə dövrünün cərrahlıq təcrübəsinin və klinik materialların təhlili sayəsində 1942-1948-ci illərdə kafedra əməkdaşlarından 3 nəfər doktorluq dissertasiyası müdafiə etmişdi. M.Topçubaşovun təklif etdiyi abdominotorakotomiya, lumbal diafraqmatomiya kimi cərrahi müalicə növləri təxirəsalınmaz cərrahlıq praktikasını yeni və effektiv üsullarla zənginləşdirmişdi. Onun təklif etdiyi periferik sinirlərin zədələnməsi zamanı tendomioplastika və kranioplastika üsulları, efir-yağ inyeksiyaları vasitəsi ilə uzun müddətli anesteziya və başqa metodlar böyük şöhrət qazanmış və geniş istifadə olunmuşdu.

1946-cı ildə Müalicə-profilaktika fakültəsinin fakültə cərrahiyyəsi kafedrası 2 saylı şəhər kliniki xəstəxanasının bazasına köçürüldü. Bu xəstəxanada cərrahi şöbənin fəaliyyətində işlərin düzgün təşkil edilməsi üçün bir sıra əməli işlər görüldü. Qəbul şöbəsinin rekonstruksiyası, əməliyyata qədərki və əməliyyatdan sonrakı palataların təşkili, irinli cərrahi patalogiyalar üçün xüsusi şöbənin ayrılması, müstəqil travmatoloji, uroloji şöbələrin təşkili, qəbul şöbəsinə bitişik təcili əməliyyat olunan xəstələr üçün xüsusi şöbənin yaradılması, sonralar cərrahi əməliyyat auditoriyasının tikilməsi, daha sonralar tələbələr üçün geniş mühazirə zalının və əməliyyatdan sonrakı xəstələr üçün xüsusi şöbənin tikilərək istifadəyə verilməsi kimi əməli tədbirlər həyata keçirildi.

Kafedrada yoğun bağırsağın, mədəaltı vəzin onkoloji xəstəliklərinə aid çoxsaylı tədqiqatlar aparılmışdı. 10 ildən artıq aparılan eksperimental və kliniki tədqiqatlar nəticəsində pankreato-duodenal rezeksiyanın yeni modifikasiyasına həsr olunmuş tədqiqat işlərinin nəticəsi kafedra əməkdaşlarından İbrahim Mustafa oğlu Topçubaşov tərəfindən doktorluq dissertasiyası kimi müdafiə olunmuşdu. 1963-cü ildə Respublika Elmlər Akademiyasının nəşriyyatı tərəfindən professor İ.Topçubaşovun «Mədəaltı vəzi və fater məməciyi xərçənginin cərrahi müalicəsi» adlı monoqrafiyası çap olunmuşdu.

Kafedranın tarixində professor İbrahim Topçubaşovun xüsusi rolu olmuşdu. Onun rəhbərliyi ilə 9 namizədlik dissertasiyası müdafiə edilmişdi. Dəyərli bəstəkar kimi də tanınan professor İ.Topçubaşov Azərbaycanda cərrahi əməliyyatların həzin musiqi sədaları altında aparılmasının bünövrəsini qoymuşdu. Akademik M.Topçubaşov Sovet cərrahiyyəsinin inkişafındakı xidmətlərinə görə 1943-cü ildə SSRİ Dövlət Mükafatına layiq görüldü. O, dəfələrlə Ümumdünya Cərrahlar Konqrensində (Münxen, Lissabon, Sofiya) cərrahiyyənin aktual mövzularına aid məruzələrlə iştirakçı kimi çıxış etdi, XI Lissabon Konqresində (1954) 20 ən görkəmli cərrahdan biri kimi Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü seçildi. 1952-ci ildə o, Bolqarıstan Elmlər Akademiyasının üzvü seçildi.

M.Topçubaşov elmi pedaqoji fəaliyyəti ilə yanaşı, görkəmli ictimai xadim və bacarıqlı təşkilatçı idi. O, Azərbaycan SSR Ali Sovetinin bütün çağırışlarında deputat seçilmiş, uzun müddət respublika Ali Sovetinin sədri vəzifəsində olmuşdu. Akademiya şəhərciyi, elmi-tədqiqat klinik və eksperimental təbabət institutu (indiki Elmi Cərrahiyyə Mərkəzi) bilavasitə M.Topçubaşovun rəhbərliyi altında tikilmiş, akademiya nəşriyyatı və mətbəəsi onun təşəbbüsü ilə yaradılmışdı.

M.Topçubaşov Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski Cərrahlar Cəmiyyətinin fəxr üzvü, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri, Böyük Tibb Ensiklopediyasının redaktorlarından biri kimi ölkənin elmi ictimai həyatında fəal iştirak edirdi.

 M.Topçubaşov 200-dən artıq elmi əsərin, o cümlədən 5 cild­lik «Xüsusi cərrahiyyə» kitabının, 7 mono­qrafiyanın, kəşf və ixtiraların müəllifi olmuşdur. Onun məsləhəti və rəh­bər­liyi altında 8 elmlər doktorluğu və 16 fəlsəfə doktoru dissertasiyası müdafiə edil­mişdir. Görkəmli alim çox sayda beynəl­xalq qurultay, simpozium, konfrans və konqreslərdə çıxışlar etmiş, xarici mətbuatda müəl­lifini şöhrətləndirən elmi məqalələr dərc etdirmişdir.

M.Topçubaşov 1949-cu ildə SSRİ Tibb Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilmişdir. Görkəmli alimin elmi fəaliyyəti çoxcəhətlidir. O, 200 elmi əsərin, 8 monoqrafiyanın, çoxlu sayda elmi topluların, Azərbaycan dilində 110 çap vərəqi həcmində 5 cildlik cərrahlığa dair dərsliyin müəllifidir. 1975-ci ildə yüksək mükafata – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən akademik M.Topçubaşov dörd Lenin ordeni, Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri, döyüş orden və medalları, Bolqarıstanın III dərəcəli “Kirill və Mefodiy” ordeni və eyni zamanda, “SSRİ sanitar müdafiəsi” ordeni və “SSRI sanitar müdafiəsi əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. Mustafa bəy Topçubaşov 1981-ci il noyabr ayının 20-də Bakı şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn olunmuşdur.

M.Topçubaşov irsi, onun elmi əsərləri, kəşfləri və ixtiraları müasirliyini indi də bütün dolğunluğu ilə mühafizə edərək saxlayıb. 1995-ci ilin dekabr ayında M.Topçubaşovun ATİ-dəki iş otağında alimin “Xatirə muzeyi”nin təşkili, 2010-cu ildə ATU-nun yaranmasının 80 illik yubileyi ərəfəsində 5 cildlik “Xüsusi cərrahlıq” kitabının nəfis tərtibatda yenidən nəşr edilməsi, eləcə də müxtəlif illərdə onun yubileylərinə həsr edilmiş elmi-praktik konfransların keçirilməsi haqqında kitablar yazılması M.Topçubaşova göstərilən böyük ehtiramdan irəli gəlir.

1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verilib. Bu metodun kəşfi və tətbiqi ilə əlaqədar olaraq 1963-cü ildə SSRİ Tibb Elmləri Akademiyasının A.Vişnevski adına Elmi-Tədqiqat Cərrahlıq İnstitutunda keçirdiyi konfransda M.Topçubaşov öz kəşfi barədə çıxış edib. Həmin konfransda A.Vişnevski adına mükafata və diploma layiq görülüb. Leninqradda (Sankt-Peterburq) fəaliyyət göstərən akademik P.Kupriyanov M.Topçubaşovun “Analgezin” haqqındakı kəşfindən danışarkən demişdir: “…Bakı nefti müharibə illərində tanklarımıza, təyyarələrimizə nə vermişdisə, efir-yağ narkozu da hərbi — səhra cərrahiyyəmizə onu vermişdir. Akademik M.Topçubaşovun zəhmətini başqa heç cür müqayisə etmək və qiymətləndirmək olmaz”.

Böyük Vətən müharibəsi illərində M.Topçubaşov Azərbaycan Xalq Səhiyyə Komissarlığı Evakohospital İdarəsinin baş cərrahı təyin edilib və burada da özünü bacarıqlı təşkilatçı, novator-cərrah kimi göstərib. O, SSRİ-də ilk dəfə evakohospitalların ixtisaslaşdırılma və növbələşdirilməsinin təşəbbüskarı və yaradıcısı olub. Müharibə illərində bundan hərbi-səhra cərrahlığı işinin təşkilində müvəffəqiyyətlə istifadə edilib. Evakohospitallarda apardığı çoxsaylı əməliyyat və müşahidələr professora bir sıra səmərəli təkliflər irəli sürmək imkanı da verib. Hərbi-səhra cərrahlığının ən aktual problemlərindən olan insan bədəninə daxil olmuş metal yad cismin lokalizasiyası və onun xaric edilməsi problemi üzərində çalışan alimin konstruksiya etdiyi stereoskop aparatı portativliyinə və yad cismin lokalizasiyasını dəqiq təyinetmə imkanına görə müvəffəqiyyətlə təcrübədə tətbiq edilib. M.Topçubaşov periferik sinir zədələnmələrinin cərrahi müalicəsində mum-parafin tubajı, ətraflarda əmələ gələn və müalicəyə tabe olmayan ifliclər zamanı tendomioplastika, kəllə sümüklərinin kranioplastikası və s. kimi böyük əhəmiyyət kəsb edən orijinal təkliflərinə görə respublikadan kənarda da böyük şöhrət qazanıb. M.Topçubaşovun müharibə dövründə də boş vaxtı olmurdu. O, hamıya kömək əli uzadırdı. Alim həmin illərdə Sabunçuda cərrahi şöbəyə rəhbərlik etməklə yanaşı, Bakıdakı Dəmiryolu xəstəxanasında, Doğum evi, Xalq Səhiyyə Komissarlığı xəstəxanalarında, hərbi hospitalda, təyyarəçilər xəstəxanasında, Keşlə, Qara şəhər, Mərdəkan, Neftçilər xəstəxanalarında, Binəqədi rayon xəstəxanasında da cərrahi əməliyyatlar edirdi. Təsadüfi deyil ki, Mustafa bəy müharibə illərindəki əvəzsiz xidmətlərinə görə 1944-cü ildə “Lenin” ordeni və “Qafqazın müdafiəsinə görə” medalı, 1946-cı ildə isə “Qırmızı Əmək Bayrağı” ordeni və “Almaniya üzərində qələbə” medalları ilə təltif edilib. Müharibədən sonra M.Topçubaşov Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində çalışaraq, cərrahi xidmətin yenidən təşkilinə bilavasitə rəhbərlik edib.

Akademik M.Topçubaşov elmi-praktik fəaliyyətində beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərinə, ixtira və kəşflərinin dəyərinə, səhiyyə sahəsindəki xidmətlərinə görə 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir, 1960-cı ildə isə həqiqi üzvü seçilib.

Alimin elmi-tədqiqat işlərinin əsas istiqamətini malyariya mənşəli splenomeqaliyanın klinikası, patogenezi, profilaktikası və cərrahi müalicəsi, öd yolları xəstəliklərinin, xərçəng xəstəliyinin cərrahi müalicə üsullarının işlənib hazırlanması və praktikaya tətbiqi, qarın və döş boşluğu orqanlarının cərrahi əməliyyat tələb edən xəstəliklərinin diaqnostikası, klinikası, profilaktikası və cərrahi müalicəsi, neyrocərrahiyyə və travmatologiya problemləri, müasir tibbi texnologiyaların işlənib hazırlanması, onların səhiyyə praktikasına tətbiqi və s. təşkil edib. M.Topçubaşov portal hipertenziya zamanı baş verən profuz qida borusu-mədə qanaxmaları ilə mübarizə metodu hazırlayıb, qida borusu yanıqlarında rast gəlinən daralmaların müalicəsi ilə məşğul olub, bunun üçün ən yaxşı süni qida borusu vasitəsinin nazik bağırsaq olduğunu təklif edib; borulu sümüklərin sınıqlarının təxirəsalınmaz osteosintezi üsulunu təklif edib. Alim dalaq, qaraciyər, böyrək, böyrəküstü vəzi kimi orqanlara abdominal-diafraqmal və bel-diafraqmal yollarının, urologiyada, travmatologiyada, neyrocərrahlıqda, abdominal və torakal cərrahlıqda yüksək səviyyəli operasiyaların müəllifi kimi keçmiş Sovetlər İttifaqı, eləcə də xarici ölkə cərrahları arasında şöhrət qazanıb.

Akademik M.Topçubaşov 5 cildlik “Xüsusi cərrahlıq” kitabının, 8 monoqrafiyanın, 300-dən çox elmi işin və elmi-kütləvi məqalənin müəllifi olub. Onun rəhbərliyi və məsləhətçiliyi altında 12 doktorluq və 30 namizədlik dissertasiyası müdafiə edilib.

Mustafa bəy genişmiqyaslı elmi-pedaqoji fəaliyyətlə də məşğul olub və yüksəkixtisaslı həkim kadrlarının hazırlanmasında böyük xidmətlər göstərib. Onun layihəsi üzrə kafedrada operasiyon — auditoriya təşkil edilib ki, bu da tələbələrə cərrahi müdaxilənin bütün fraqmentlərini izləməyə imkan verib.

O, dəfələrlə beynəlxalq cərrahlıq konqreslərində çıxış edib, xarici ölkələrdə elmi-təcrübə mübadilələrinin iştirakçısı olub. M.Topçubaşovun Bolqarıstanda apardığı təmənnasız mürəkkəb cərrahi əməliyyatlar ona bolqar xalqının hüsn-rəğbətini, səmimi məhəbbətini qazandırıb və o, 1952-ci ildə Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Cərrahların Lissabonda keçirilən XI Beynəlxalq Konqresində akademik M.Topçubaşov 20 nəfər sovet tibb alimi ilə birlikdə Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilmişdir ki, bu da görkəmli alimin simasında dünya miqyasında Azərbaycan cərrahlıq elminə verilən yüksək dəyər, yüksək qiymətdir.

Məşhur Amerika filosofu Ralph Waldo Emerson deyirdi: “Dahi insan başqalarının fikirlərindən asılı olmayaraq, daxili düşüncələrinə güvənən, öz yolunu açan şəxsdir”. Bəli, Mustafa bəy də daim öz daxili düşncələrinə, bilik və bacarıqlarına, dərin zəkasına güvənərək öz yolunu açan, bəşəriyyətə misilisiz ixtiralar bəxş edən, kəşflər bəxş edən dahi şəxsiyyətdir. Dahi insan — yalnız fərd deyil, həm də ətrafındakıların hərəkət və düşüncəsinə ilham verən bir mərkəzdir. Mustafa Topçubaşov da belə bir mərkəz idi. Ətrafında sonsuz bilikləri və bilikli insanları toplayıb, ürəyinin səsinə, zəkasının nuruna doğru addımlamışdır. Cərrahiyyə  zalından ayrılıb, böyük auditoriyaları fəth edən, oradan işçi kabinetində sakitliyə çəkilib dərin düşüncələrini qələmə alan insanın hansı tempdə, hamsə rejimdə yaşadığını düşünmək belə mümkün olmur. Onun keçdiyi ömür yolu bu gün cərrahlığı məslək seçən, cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insalıq məktəbidir.