Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib
Tibb işçilərinin peşə bayramı ilə əlaqədar tibb ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş tibb işçilərinin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb.
Tədbirin davamı olaraq, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) tibb işçilərinin peşə bayramına həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib. İclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış tibb elmi xadimləri iştirak ediblər.
Əvvəlcə ölkənin tibb tarixini əks etdirən muzeylə tanışlıq olub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.