12 dekabr — Ulu öndər Heydər Əliyevin anım günüdür
Heydər Əliyevin fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir!
Bu gün Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-də (ECM) Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi.
Öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi yad edildi. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən ECM-in direktoru professor Rauf Ağayev bildirdi ki, 12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur və daim onun xatirəsini ehtiramla yad edir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu yerə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlmişdir. O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bu günkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.
Rauf Ağayev öz çıxışında qeyd etdi ki, Heydər Əliyev haqqında saatlarla danışmaq mümkündür, çünki onun fəaliyyəti, Azərbaycan xalqına və dövlətinə, onun gələcəyinə böyük təsir göstərmiş bir liderdir. Heydər Əliyev Azərbaycanın tarixinə silinməz izlər buraxmış böyük şəxsiyyətlərdən biridir. Artıq 20 ildən çoxdur ki, onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi dövründə, xüsusilə Azərbaycanın enerji siyasəti, infrastruktur layihələri və Qarabağ zəfəri kimi tarixi nailiyyətlər ön plana çıxıb. Onun uzaqgörən siyasəti ölkənin həm daxili sabitliyini təmin edib, həm də regional və qlobal miqyasda mövqeyini gücləndirib. Bu, Heydər Əliyevin təməlini qoyduğu siyasətin davamı olaraq Azərbaycanın daha da güclənməsinə xidmət edir.
Ruhun şad olsun Ümummili Lider, Ulu Öndər!
Azərbaycan xalqı və dövləti var olduqca. Sən daim yaşayacaqsan!