Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin növbəti tibb uğuru: Ağır qəza keçirən 29 yaşlı gənc xanımın qopmuş qolu uğurla bərpa edildi.

Azərbaycan səhiyyəsində yüksək peşəkarlıq tələb edən növbəti mürəkkəb əməliyyat uğurla icra olunub.
Ağır yol-nəqliyyat hadisəsi nəticəsində sol qolu travmatik amputasiya olunan 29 yaşlı gənc xanım Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə edilib.
Qopmuş ətrafın bərpasında hər dəqiqənin həlledici əhəmiyyət daşıdığını nəzərə alan cərrahi komanda – damar cərrahı Sadiq Əhmədov, plastik-rekonstruktiv cərrah Tale Qasımov və Səhiyyə Nazirliyi Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Babək Əliyev koordinasiyalı şəkildə təcili əməliyyata başlayıblar.
Xəstə mərkəzə daxil olarkən ona sol bazu sümüyünün açıq yerdəyişmiş sınığı, yuxarı ətraf sinirlərinin kontuziyası (əzilməsi) və əzələlərin ayrılması, həmçinin bazu arteriyasının tam kəsilməsi və trombozu diaqnozları qoyulub. Bu cür ağır və mürəkkəb kliniki vəziyyət fərqli sahələrdən olan yüksək ixtisaslı cərrahların koordinasiyalı və sinxron fəaliyyətini tələb edirdi.
Təcili şəkildə başlayan əməliyyatda üç fərqli istiqamət üzrə mütəxəssislər birgə mübarizə aparıblar:
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Babək Əliyev tərəfindən ilk növbədə sol bazu sümüyünün osteosintezi əməliyyatı icra edilərək ətrafın anatomik bütövlüyü və skelet dayağı yenidən qurulub.
Sümük fiksasiyasından dərhal sonra Elmi Cərrahiyyə Mərkəzinin damar cərrahı Sadiq Əhmədov prosesə qoşulub. O, bazu arteriyasının tam kəsilmiş və tromblaşmış hissəsini autovena qrefti (xəstənin özündən götürülmüş vena damarı parçası) vasitəsilə şuntlayaraq bazu arteriyasının tamlığını və ətrafın qan təchizatını uğurla bərpa edib.
Plastik-rekonstruktiv cərrah Tale Qasımov tərəfindən qan dövranı kəsildiyi üçün nekrozlaşmış (təlafata uğramış) işemik toxumaların rezeksiyası (kəsilib götürülməsi) aparılıb, ayrılmış əzələ qrupları anatomik mövqelərinə uyğun olaraq yaxınlaşdırılıb, yaranın ikincili işlənməsi və drenajı uğurla tamamlanıb.
Cərrahların apardığı zərgər dəqiqliyinə malik bu mürəkkəb əməliyyat öz bəhrəsini dərhal verib. Əməliyyat bitdikdən dərhal sonra bərpa olunmuş damarlarda normal pulsasiya qeydə alınıb, xəstənin sol əlində isinmə müşahidə olunub və toxumaların canlanması baş tutub. Ən sevindirici hal isə odur ki, pasiyentin barmaqlarında və biləyində ilkin funksional hərəkətlər dərhal bərpa olunub. Bu uğurlu əməliyyat yüksək ixtisaslı cərrahların peşəkar komanda işinin növbəti parlaq nümunəsidir. Hazırda pasiyentin vəziyyəti stabildir və müalicəsi mərkəzin həkimlərinin ciddi nəzarəti altında davam etdirilir.