Azərbaycan kardioloqları beynəlxalq arenada!

Hindistanın Vapi şəhərində mürəkkəb və invaziv kardiologiya prosedurlarına həsr olunmuş Complex İnterventional Teshniques Kardiologiya Konfransı keçirilmişdir. Konfrans həm Hindistanın, həm də dünyanın müxtəlif ölkələrindən gələn invaziv kardioloqları, struktur ürək xəstəlikləri mütəxəssislərini və tədqiqatçıları bir araya gətirib. Sessiyalar real keyslərin təqdimatı, gərgin elmi debat və müzakirələr formatında aparılıb.
Bu mötəbər beynəlxalq tədbirdə ölkəmiz 8 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub. Sevindirici haldır ki, institutumuzun peşəkar həkimləri Kardiocərrahiyyə şöbəsinin müdiri, kardiocərrah, t.ü.f.d.Anar Həsənov və invaziv kardioloq Mülayim Musayeva da bu qlobal elmi platformada fəal iştirak ediblər.
Həkimlərimiz konfrans çərçivəsində keçirilən elmi müzakirələrdə, mürəkkəb ürək əməliyyatları və müasir müalicə metodlarının təhlilində yaxından iştirak edərək öz təcrübələrini bölüşüblər. Azərbaycan tibbini dünyada uğurla təmsil edən həkimlərimizlə qürur duyur, onlara elmi və praktiki fəaliyyətlərində yeni uğurlar arzulayırıq!