Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.
30 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə təşkil edilib.
Tədbirdən öncə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkİlatinin nümayəndələri, ECM-in rəhbərliyi və bir qrup əməkdaşları Ümummilli Lider Heydər Əliyevin büstü və ölkəmizin suverenliyinin rəmzi olan «Dəmir Yumruq» abidəsi önünə əklillər qoyaraq ehtiramlarını bildiriblər. İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə işinə başladı.
Müşavirədə geniş məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiyanın ölkəmizin siyasi sabitliyində və Zəfərlərində oynadığı rolu diqqətə çatdırıldı. Natiq cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə qazanılan tarixi qələbələrdə fədakar həkimlərimizin və cərrahlarımızın müstəsna xidmətlərini vurğuladı. B.Nəbiyev qeyd edib ki, VIII Qurultayın qərarları Elmi Cərrahiyyə Mərkəzinin ərazi partiya təşkilatı qarşısında yeni vəzifələr qoyur. O, gənc həkim və rezidentlərin partiya həyatına fəal cəlb olunmasının, dövlətçilik təfəkkürünün və vətənpərvərlik ruhunun təbliğinin önəmini xüsusi qeyd etdi.
Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev öz çıxışında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli çıxışından irəli gələn vəzifələri şərh edərək, dövlətçiliyin qorunmasında dünyəvilik prinsiplərinin, milli həmrəyliyin və gənclərin elmi təfəkkür ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb. Natiq səhiyyə işçilərinin milli ideologiyaya və peşə etikasına sadiqliyini xəstələrə ayrı-seçkilik qoymadan vicdanla xidmət etməkdə gördüyünü bildirib. Mərkəz kollektivinin Vətən müharibəsindəki fədakarlığını xatırladan Rauf Ağayev, hazırda «Böyük Qayıdış» proqramı çərçivəsində azad edilmiş ərazilərdə əhaliyə göstərilən tibbi-konsultativ yardımı bu məsuliyyətin real əməli nümunəsi kimi diqqətə çatdırıb. O, rəhbərlik etdiyi kollektivin bundan sonra da öz elmi və peşəkar fəaliyyəti ilə ölkənin inkişafına və xalqın sağlamlığına töhfə verəcəyini qeyd edib.
Daha sonra Mərkəzin Anesteziologiya və reanimatologiya şöbəsinin rəhbəri professor Fuad Həsənov və həkim-rezident Bəyim Rüstəmova çıxış edərək müəssisədəki müasir cərrahi şəraitdən, Vətən müharibəsi və antiterror tədbirləri zamanı qazilərimizə göstərilən fədakar tibbi xidmətdən bəhs ediblər. Çıxış edənlər dövlətin şəhid ailələrinə, qazilərə və tibb işçilərinə göstərdiyi diqqətin kollektivi daha əzmlə çalışmağa ruhlandırdığını və qurultayın tapşırıqlarını daim rəhbər tutacaqlarını bildilər.
Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb. Sonda xatirə şəkli çəkdirildi.













































































































