Dünyanın siyasi tarixində Heydər Əliyev kimi siyasətçilər olduqca nadir bir haldır

Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür.
Bu gün Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-də (ECM)Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi.
Öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərinəziz xatirəsi yad edildi.
Tədbirdə çıxış edən ECM-in direktoru professor Rauf Ağayev Ulu Öndərin ömür yolundan və siyasi fəaliyyətindən danışdı. Vurğuladı ki, Heydər Əliyev XX əsrin siyasi tarixində ən nüfuzlu dövlət xadimlərindən biridir. Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olundu.
Direktor bildirdi ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün oldu.
Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müstəsna tarixi xidmətlərindən, zəngin siyasi irsinin əhəmiyyətindən söz açan Rauf Ağayev vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi illəri kimi tariximizə qızıl hərflərlə yazıldı. Onun 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycanın həyatında həlledici bir mərhələnin, inkişafın başlanğıcı qoyulub. Ölkəmizdə qazanılan bütün uğurların təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu.
R.Ağayev diqqətə çatdırdı ki, bu gün Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı biz böyük Zəfər qazandıq. Torpaqlarımız işğaldan azad olundu. Böyük Qələbə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsidir.
Tədbirdə çıxış edən Kardio cərrahiyyə üzrə elmi şöbənin rəhbəri professor Fazil Abbasov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışdı və bu istiqamətdə əsaslı dönüş yaratdı. Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə səbəb oldu.
Şöbə rəhbəri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı törədilən terror aktını xatırladaraq “bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etdi. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirdi” – deyə diqqətə çatdırdı.
Tədbirdə Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Azərbaycanın inkişafı üçün həyata keçirdiyi islahatların əhəmiyyətindən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində misilsiz xidmətlərindən bəhs olundu.
Vurğulandı ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatını, fəaliyyətini Azərbaycan xalqının xoşbəxtliyinə həsr edib.
Tədbirin sonunda Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.