Şamaxı şəhərində regional elmi-praktiki konfrans keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin bir qolu olaraq xidmətin səviyyəsinin daima artırılması kimi göstərişləri rəhbər tutaraq akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi növbəti səyyar elmi-praktiki konfrans keçirmişdir.

Belə ki, Azərbaycan Cərrahlar və Qastroenteroloqlar İctimai Birliyi akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Şamaı rayon Mərkəzi Xəstəxanasının 14 iyun 2019-cu ildə Şamaxı şəhərində “Cərrahiyyənin aktual problemləri”nə həsr olunmuş regional elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının, həmçinin Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrahları, anestezioloq və reanimatoloqları, kardioloqları, qastroenteroloq  və terapevtləri kimi həkim- mütəxəssisləri iştirak etmişdilər.

Konfransı giriş sözü ilə açan akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru professor Rauf Ağayev ölkə prezidentinin xalqımızın sağlam həyat tərzi və rifahı halının yüksəldilməsi prinsiplərini daima diqqət mərkəzində saxladığını xüsusi vurğulayaraq, bu siyasətin tibb işçiləri tərəfindən hər zaman dəstəkləndiyini söylədi. Bu baxımdan səhiyyə naziri cənab Oktay Şirəliyevin göstərişi ilə respublikanın aparıcı tibb mütəxəssislərinin rayonlarımızın həkim mütəxəssisləri ilə vaxtaşırı təcrübə mübadiləsi keçirməsi, əhaliyə yerində konsultasiyalar etmələri böyük əhəmiyyət daşıyır. Bu konfrans əhaliyə tibbi yardımın yaxşılaşdırılması istiqamətində müxtəlif ixtisaslı həkimlərin bilik və peşə bacarıqlarının artırılmasında böyük rol oynayacağını natiq öz  çıxışında bildirdi.

Sonra akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssisləri prof. H.B.İsayev, prof. Ə.Ə.Məmmədov, prof. F.X Saidova, prof. N.S.Abışov, prof. Q.F.Müslümov, t.e.d. E.A.Rüstəmov, t.e.d. F.C.Həsənov, t.e.d. Z.T.Şirinov və t.ü.f.d. E.Ş.Əliyev tərəfindən həzm traktının, ürək-damar sistemi və anesteziologiya-reanimatologiyanın aktual problemlərini özündə əhatə edən maraqlı məruzələr konfrans iştirakçılarına çatdırılmışdır. Müzakirələr diskussiya şəklində geniş auditoriyanın iştirakı ilə başa çatmış, sonda sertifikatlar təqdim edilmişdir.