Professor Rzayev Nurəddin Məmmədbağır oğlunun 90 illiyinə həsr olunmuş növbəti iclası keçirildi

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyi əməkdar elm xadimi, professor Rzayev Nurəddin Məmmədbağır oğlunun 90 illiyinə həsr olunmuş konfrans keçirmişdir.  Konfransda Nurəddin Rzayevlə uzun müddət çiyin-çiyinə çalışmış həmkarları, yetirmələri, dostları,  ailə üzvləri və yaxın qohumları iştirak etmişdilər.

Konfransı giriş sözü ilə açan akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə  Mərkəzinin direktoru, professor Rauf Ağayev çıxışında vurğuladı ki, orta və yaşlı nəsil Nurəddin Rzayevi yaxşı tanısalar da, gənc nəslin də onun həyat və fəaliyyəti ilə tanışlığı vacibdir. Çünki bu həyat qibtə ediləsi, örnək ola biləcək bir həyatdır.     Prof. Nurəddin Rzayevin həyat yolu və iş fəaliyyəti haqqında geniş məlumatla  akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə  Mərkəzinin həmkarlar komitəsinin sədri, t.ü.f.d. C.Kosayevçıxış etdi. Çıxışında O bildirdi ki, Nurəddin  Məmmədbağır oğlu Rzayev  1929-cu il iyunun 26-da Gədəbəydə ziyalı ailəsində anadan olub. Orta məktəbi qızıl medalla bitirib. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu 1950-ci ildə fərqlənmə diplomu ilə tamamlayıb. Təyinatla Türkmənistanda işləyib. Sonra Bakıda “Mezatonun cərrahiyyədə tətbiqi” mövzusunda namizədlik, 1965-ci ildə “Ağ ciyər arteriyalarının emboliya və trombozları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1966-cı ildə professor N.M.Rzayevin təşəbbüsü ilə “Qanın laxtalanma sistemi məsələləri” üzrə II Ümumittifaq konfransı keçirilib.

Rzayev 5 elmi ixtiranın, 300-dək elmi məqalənin müəllifi, 5 elmlər doktorunun və 31 elmlər namizədinin elmi rəhbəri olub. Dəfələrlə Rusiya, Ukrayna, Belorus, Özbəkistan, Latviya, Moldova, Ermənistan, Gürcüstan, ABŞ, Türkiyə, İngiltərə, İran, Polşa, Avstriyada keçirilmiş müxtəlif konfrans və simpoziumlarda istər SSRİ-ni, istərsə də onun tərkibindəki Azərbaycanı yüksək səviyyədə təmsil edib.

Görkəmli alim 2011-ci ildə dünyasını dəyişib.

Sonra akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssisləri prof. S.S. Manafov, prof. F.E.Abbasov, prof.Ç.M.Cəfərov, t.e.d. E.A.Rüstəmov, t.e.d. F.C.Həsənov tərəfindən Professor Rzayev Nurəddin Məmmədbağır oğlunun həyat və fəaliyyəti haqda maraqlı məruzələr ilə çıxış etdilər.

Son söz professor Nurəddin Rzayevin oğlu Rauf Rzayevə verildi. Rauf Rzayev atasının tək tibbe yox, bədii ədəbiyyata da böyük marağı olduğunu vurğuladı və  Professor Rzayev Nurəddinin çap etdirdiyi bir neçə kitab barəsində ətraflı məlumat verdi.O sonda  konfrasda itrirak edən bütün qonaqlara dərin təşəkkürünü bildirdi.

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə  Mərkəzinin direktoru professor Rauf Ağayev hər kəsə təşəkkürünü bildirərək konfransı bağlı elan etdi.